BAKI, 3 mart. TELEQRAF

2024-cü ildə Ermənistan ABŞ ilə əməkdaşlığın inkişafı çərçivəsində nəzərdə tutulan 250 milyon dollarlıq Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə qrant sazişi paketindən 110 milyon dollar alıb.

Teleqraf xəbər verir ki, barədə “Sputnik Ermənistan”a ölkənin Xarici İşlər Nazirliyindən sorğuya cavab olaraq məlumat verilib.

Söhbət 2024-cü ilin sentyabrında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan və USAID-in İrəvan ofisinin direktoru Con Allelo tərəfindən imzalanmış, iki ölkə arasında əməkdaşlığın inkişafına yönəlmiş qrant sazişinə düzəlişlər üçün imzalanmış sənəddən gedir. Nəticədə sazişdə nəzərdə tutulan məbləğ 2 dəfədən çox artırılaraq, 120 milyon dollardan 250 milyon dollara çatdırılıb, birgə layihələrin sahələri də genişləndirilib.

Ermənistan XİN ABŞ Dövlət Departamenti və USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardım layihələrinin dondurulduğunu, qurumun özünün isə indi agentliklə hər hansı birgə proqramının olmadığını qeyd edib.

“2024-cü ilə olan məlumata görə, 250 milyon dollardan 110 milyon dollar alınıb”, - Ermənistanın xarici siyasət qurumu bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp yanvarda USAID-in fəaliyyətində pozuntulara yol verdiyini əsas gətirərək, bu qurum vasitəsilə Amerikanın digər ölkələrə yardımlarını dayandırıb. USAID-in idarəçiliyi müvəqqəti olaraq ABŞ Dövlət katibi Marko Rubioya həvalə edilib.