
BAKI, 3 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə mübahisəsi səbəbindən Rusiya Prezidenti Vladimir Putinlə əvvəlcədən planlaşdırılan vaxtdan tez görüşə bilər.
Teleqraf xəbər verir ki, bu barədə CNN rəsmi mənbələrə istinadla məlumat yayıb.
Telekanal bildirir ki, belə bir ssenari ABŞ administrasiyasında qapalı qapılar arxasında müzakirə olunur.
“Hazırda Amerika və Rusiya nümayəndə heyətləri arasında yaxın gələcəkdə körfəz ölkələrindən birində baş tuta biləcək danışıqların ikinci mərhələsinə hazırlıq gedir”, - məlumatda deyilir.
Kremlin nümayəndəsi Kirill Dmitriyev CNN-ə deyib ki, yeni dövrdə ABŞ ilə əməkdaşlığa enerji sahəsi də daxil ola bilər. Amma konkret detallar hələ açıqlanmır.
Mənbə xatırladır ki, Almaniyanın Rusiyanın Ukraynaya müdaxiləsinin əvvəlində dayandırdığı rus qaz kəməri “Şimal Axını - 2”nin bərpasına amerikalı investorları cəlb etmək cəhdləri barədə də məlumatlar var:
“ABŞ-nin Rusiya ilə biznes və ticarətdən böyük gəlirlər əldə etmək istəkləri göz önündədir. Çünki Rusiya mineral ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Bu, yorulmaz sövdələşmə axtarışı ilə tanınan Prezident Trampı özünə çəkir”.
CNN əlavə edir ki, baş verənlər biznesdən kənara çıxır, bu, ABŞ və Rusiya arasında münasibətlərin əsaslı şəkildə yenidən qurulması deməkdir.
Həmçinin kanalın mənbələrinə görə, ABŞ Çinlə gələcək qarşıdurmada Rusiyanı yanında görmək istəyir. Materialda bu, “fantaziya” adlandırılır.