BAKI, 3 mart. TELEQRAF

Şəxsin ölkədən çıxışına məhdudiyyət qoyulduğu bəzi hallarda həmin şəxs bu barədə məlumatlı olmur.

Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.

Bildirilib ki, belə olduqda şəxs onun barəsində məhdudiyyətin tətbiq edilməsinə dair məlumatı şəxsiyyət vəsiqəsini (ümumvətəndaş pasportunu) dəyişdirdikdə və ya sərhədi keçdikdə əldə etmiş olur ki, bu da həmin şəxs üçün vaxt və vəsait itkisinə, habelə digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

Qeyd edilənləri nəzərə alaraq, ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatların “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilərkən həmin şəxslərə bu barədə bildirişin dərhal göndərilməsinə dair imperativ tələbin qanunvericiliklə təsbit olunması zəruridir.