
BAKI, 3 mart. TELEQRAF
“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna dəyişiklik edilməsini təklif olunur.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə qeyd olunub ki, bir sıra hallarda qeydiyyatdan çıxarılmış şəxslərin şəxsiyyət vəsiqələrinin etibarsız olması əmək müqavilələrinin bağlanmasını, təhsil müəssisələrinə qəbulu, tibbi və digər xidmətlərdən istifadəni mümkünsüz edir ki, bu da nəticə etibarilə həmin şəxslərin sosial təminat, sağlamlığın qorunması, təhsil və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.
Vurğulanıb ki, bir çox insanların yaşayış yeri və olduğu yer üzrə qeydiyyatla əlaqədar üzləşdikləri problemlərin aradan qaldırılması və onların öz hüquqlarından yetərincə istifadə etmələrinə şərait yaradılması məqsədilə özbaşına tikililərin və yeni tikililərdə olan mənzillərin dövlət qeydiyyatına alınması prosesinin sürətləndirilməsi zəruridir.
Məruzədə bildirilib ki, yaşayış yerinin alqı-satqısı zamanı yeni mülkiyyətçi tərəfindən həmin ünvana əvvəllər qeydiyyata götürülmüş şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının məhkəmədənkənar sadələşdirilmiş mexanizminin (yeni mülkiyyətçinin ərizəsi əsasında) tətbiqi ilə bağlı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq dəyişikliyin edilməsi də məqsədəmüvafiqdir.
Qeyd edək ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.