BAKI, 24 fevral. TELEQRAF
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verib.
Teleqraf xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.