
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının üzvü, hüquq müdafiəçisi Sədaqət Paşayeva Müsavat Partiyasının Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın ADR barədə tənqidi fikirlərinə münasibət bildirib.
O, S.Hüseynovanın “Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı Müsavat Partiyasına qarşı yaradılmış qurumdur. Qəbul etdikləri nizamnaməni ilk iclasdaca pozdular. ADR-də sədr seçkisi gizli səsvermə əvəzinə açıq səsvermə ilə keçirilib. O hərəkatın ki təməli pozuntu ilə qoyulub, onun gələcəyini görmürəm” sözlərini şərh edərkən söyləyib ki, siyasi fəaliyyətlə məşğul olan insan məsələyə cılız və dar baxmaz.
“ADR Müsavat Partiyasının əleyhinə yaradılmayıb”
S.Paşayeva qeyd edib ki, açıq səsvermənin keçirilməsi vaxt azlığına görə olub: “Çünki tutduğumuz yer ödənişli idi. Səsvermənin açıq keçirilməsi Təşkilat Komitəsində səs qoyuldu və səs çoxluğu sayəsində qərara alındı ki, vaxt məhdudluğundan sədr seçkisi açıq keçirilsin. ADR xalq hərəkatıdır. Heç də Müsavat Partiyasının əleyhinə yaradılmayıb. Mətbuatda dəfələrlə ADR təmsilçiləri bunu bəyan edib. Əslində Müsavat məfkurəsinin güclənməsinə, partiyadan digər insanların uzaqlaşmasının qarşısının alınmasına xidmət edən, bu proseslərdə vətəndaşların iradəsini ifadə etməyə kömək edən təşkilatdır.
Özünü partiyada hesab edən siyasətçinin məsələyə bu cür dar yanaşması qəbuledilməzdir. Ölkədə fəaliyyət göstərən istər ictimai təşkilatlar, istərsə də siyasi partiyalarda təmsil olunan şəxslər gərək çərçivələri dəqiq bilsinlər ki, bu barədə fikir söyləyəndə ictimaiyyətdə yanlış fikirlərin formalaşmasına əsas verməsinlər. Onlar məsuliyyət daşıyırlar. Özünü peşəkar siyasətçi hesab edən insan bu barədə dəqiq bilməlidir. Siyasətçinin öz partiya strukturunu gücləndirmək əvəzinə ADR haqda bu cür fikir irəli sürməsi ədalətsizlikdir, ictimaiyyətin fikrini yayındırmağa xidmət edir.
Yaxşı olardı ki, Sevinc xanım Müsavat Partiyasının zəiflədilmiş və sıradan çıxmış rayon təşkilatlarına, Azərbaycanda ictimai-siyasi fikrin və demokratiyanın inkişafına xidmət edən dəyərli insanların partiyadan uzaqlaşdırılmasına xidmət edən siyasətinə baxsın. Kimliyindən asılı olmayaraq hər kəs üzərinə düşən öhdəliyi dərk eləməlidir. Bilməlidir ki, siyasi partiyada fəaliyyət göstərmək həm də öhdəlikdir.Müsavat kimi patrtiyanın çatısı altında fəaliyyət göstərən siyasətçi bu məsuliyyəti birə 10 qat artırmalıdır. Bu, partiya onların düşüncələrindən yaranan partiya deyil.
Məmməd Əmin Rəsulzadənin yaratdığı, 100 ildən çox tarixi olan partiyadır. Müsavatda olan insanlar onun qaydalarını, hədəflərini dəqiq bilməlidirlər. İstədikləri vaxt insanları bu partiyadan uzaqlaşdırmaq və dostluq çərçivəsində üzvlərin saxlanmasına xidmət etməməlidirlər”. “Sevinc Hüseynova ictimaiyyət arasında çaşqınlıq yaratmamalıdır”
S.Paşayeva Müsavat Partiyasının sıralarını tərk etməsinə də aydınlıq gətirdi: “Qəbul edilən qərarları və ədalətsizlikləri qəbul etmədim və Müsavatdan ayrıldım. Bundan sonra fəaliyyətim ADR-in çərçivələri daxilində olacaq. Bu da sırf bərabərlik, haqq-ədaləti təmin edən fəaliyyət olacaq. Bu, sırf Müsavatçılıq məfkurəsidir. Sevinc Hüseynova kimi insanlar ictimaiyyət arasında çaşqınlıq yaratmamlıdırlar.
Özlərini Müsavat yetkilisi hesab edirlərsə, ən azı bundan sonra danışdıqları sözlərə daha çox diqqət etməlidirlər. Mümkündürsə, Müsavatın güclənməsi üçün çalışmalıdırlar. Bu qədər səhvdən sonra çirkə batmağa və başqalarını qaralamağa ehtiyac yoxdur”.
Nərgiz