Səidə Qocamanlı: “Bəyəm, başqa tənbeh üsulu yoxdur?”
“Mən 2015-ci ildə insanlarda aqressiyanın artdığını, əmin-amanlıq hissinin azaldığını müşahidə edirəm. İndi deyirlər ki, dialoq olmalıdır, bu məqsədlə İşçi Qrupu yaradılacaq. İşçi Qrupunun yaradılmasının əsasında dialoq durmalıdır. Monoloq olan yerdə bir-birini eşitmək və anlamaq olmayacaq. Dialoq lazımdır. Təəssüflər olsun ki, siyasi partiyalarda, cəmiyyətin ayrı-ayrı qruplarında baş verən narazılıqlar bir-birini eşitməməkdən doğur. Hamı deyir ki, mən doğrunu deyirəm, mənim monoloquma qulaq asmalısınız, qəbul etməlisiniz”.
Bunu Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı partiyasında baş verən son hadisələri qiymətləndirərkən deyib.
Müsavat üzvü partiyadan istefa verib-verməyəcəyinə də aydınlıq gətirib: “İstefa vermək fikrim yoxdur. Əgər məni partiyadan çıxarsalar, bunu özüm üçün problem saymayacam. Mən partiya üzvü olmazdan əvvəl də daxilən özümü müsavatçı hesab etmişəm. Partiyadan çıxarsalar da, özümü müsavatçı hesab edəcəyəm. İndi Müsavatda baş verənləri alqışlamıram. Yaxşı olardı ki, bir masa ətrafında əyləşərək bir-birini eşitsinlər. Əgər mənim bu mövqeyimə görə, partiyadan çıxarsalar, bunu normal qarşılayaram”.
Partiyada baş verənlərə seyrçi qalmayan S.Qocamanlı hesab edir ki, bir masada əyləşib problem həll etməyəndə ən pis variant meydana gəlir: “Ən pis yol tərəflərin bir-birini təhqir etməsi, eşitməməsi, problemləri əyləşib masa arxasında çözməməsidir. Bizim bir düşmənimiz var - erməni. Bizlər bir-birimizə düşmən ola bilmərik. Əgər ailədə ata-ana-uşaq bir-birini eşitmirsə, ona mehriban ailə demək olarmı? Əlbəttə, yox. Bu saat mən Müsavat Partiyasına mehriban ailə deyə bilmərəm. Orada gərginlik yaşanır. Məncə, bir müdirik insan lazımdır ki, bu prosesi dayandırsın”.
Hüquq müdafiəçisi partiyadan çıxarılmaları sərt qınayıb: “Partiyadan çıxarılmaq nə deməkdir, bəyəm, başqa tənbeh üsulu yoxdur? Mənim yaşıma və təcrübəmə yaraşmaz ki, belə halları tərif edim, alqışlayım. Məni partiyadaşlarım anlasın, bilsinlər ki, mən nə o tərəfdəyəm, nə də bu tərəfdə. Hesab edirəm ki, dil tapmaq, işləmək, danışmaq lazımdır. Hər kəs partiya daxilində öz töhfəsini verməlidir. Odur ki, bu işlərə son vermək lazımdır”.
NEMƏT