Azay Quliyev: “Bu işdə əməyi olan hər bir kəsə təşəkkür edirəm”

“Serj Sərkisyanın hərbi cinayətkar kimi tanınması üçün 100 min səs” petisiyası vaxtından əvvəl başa çatıb. Bu işdə əməyi olan hər bir kəsə təşəkkür edirəm. Xüsusilə, səsvermə zamanı xüsusi fəallığı ilə seçilən Yeni Azərbaycan Partiyasının çoxminli üzvlərinə, rabitə və təhsil işçilərinə bu səslərin qısa müddətdə toplanmasında göstərdikləri fədakarlığa görə minnətdarıq”.

Teleqraf.com-un məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, şuranın başladığı bu kampaniyaya reaksiya tək Azərbaycandan deyil, xarici ölkələrdən də gəlib. Onun sözlərinə görə, Avropanın əksər ölkələrindən, ABŞ-dan, hətta uzaq Avstraliyadan da səsimizə səs verən əcnəbilər var.

“Bu əcnəbilər arasında tanınmış şəxslər, siyasətçilər, jurnalistlər, ictimai-siyasi xadimlər, mədəniyyət işçiləri, hətta keçmiş səfirlər və diplomatlar da var idi. Təbii ki, burada diqqətimizi cəlb edən Sərkisyan rejimindən bezmiş, sıravi Ermənistan vətəndaşlarının petisiya qoşulmaları oldu. Bu onu sübut edir ki, əli Xocalı sakinlərinin, xüsusilə körpə uşaqların, qadınların və ahıl insanların qanına batan Sərkisyanın ədalət məhkəməsi qarşısında dayanmasını tək biz deyil, hətta sıravi ermənilər də tələb edirlər”, – deyə A.Quliyev vurğulayıb.

Səxavət