Nazirlər Kabineti “Siyasi partiyaların maliyyə hesabatlarının forması, məzmunu və təqdim edilmə Qaydası”nda dəyişiklik edib. Baş nazir Artur Rasizadənin qərarına əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq, Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. MSK bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Xatırladaq ki, bundan əvvəl siyasi partiyalar illik maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edirdi.

“Prosedur eyni qaydada qalır”

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli bildirib ki, prosedur eyni qaydada qalır. Onun sözlərinə görə, prinsip etibarı ilə hər hansı dəyişiklik baş verməyib: “Sadəcə, eyni hesabat eyni formada, tələblər əsasında Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq. Bu baxımdan da heç bir ciddi problem yaratmır, ənənəvi qaydada tələb olunan zaman çərçivəsində biz də öz hesabatımızı Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik”.

E.Mirzəbəyli siyasi partiyaların maliyyə durumu ilə bağlı isə vurğulayıb ki, BAXCP-yə dövlət tərəfindən maliyyə vəsaiti daxil olur: “Parlamentdə təmsil olunan digər partiyalar kimi bizə də maliyyə ayrılır. Şübhəsiz, partiyanın fəaliyyəti üçün bu vəsait yetərli deyil. Azərbaycanda çoxpartiyalı sistemin inkişafı, siyasi partiyaların daha geniş spektri əhatə eləmək və bir institut kimi formalaşmaları üçün maliyyə vəsaitlərinin daha çox olmasına ehtiyac var. Ümid edirəm ki, zamanla bu məsələlər yoluna düşəcək. Hər halda siyasi partiya funksioneri kimi şikayətlənməyi doğru hesab eləməzdim”.

“Hər hansı problem olmayacaq”

Demokratik İslahatlar Partiyasının siyasi şurasının üzvü Ülkər Abdullayeva deyib ki, hökumət özü yeni qaydanın tətbiqi ilə bağlı qərar verib: “Ola bilsin ki, yeni qaydalar daha optimal variantdır. Əslində bu qaydaların bizim üçün elə bir fərqi yoxdur, çünki əvvəlkindən fərqli olaraq maliyyə hesabatını Maliyyə Nazriliyinə deyil, Mərkəzi Seçki Komissiyasına təqdim edəcəyik. Dövlət tərəfindən ayrılan maliyyə partiya tərəfindən adiyyatı üzrə sərf edilir. Mühasibatlıq da tələb edilən qaydada illik maliyyə hesabatını hazırlayıb müvafiq dövlət orqanına təqdim edirdi. İndi əgər bu sənədlərin Mərkəzi Seçki Komissiyasına verilməsi tələb olunursa, burada hər hansı problem yoxdur”.

DİP-in maliyyə vəziyyətinə toxunan Ü.Abdullayeva əlavə edib ki, partiya özü bir mexanizmdir: “Partiyanın aparatı, rayon təşkilatları və bunların saxlanması var. Eləcə də müəyyən tədbirlərin və seçki kampaniyalarının keçirilməsi üçün maliyyə vəsaiti lazım olur. Təbii ki, bütün bunları nəzərə alanda dövlət tərəfindən ayrılan vəsait çox azdır. Yəni, bu vəsait partiyanın ümumi ehtiyaclarının müəyyən bir hissəsini ödəyir. Bilirsiniz ki, partiyamız sahibkarları, orta təbəqəni təmsil edən insanları birləşdirir. Bu mənada 10 il ərzində üzvlərimiz tərəfindən ayrılan ianələr, o cümlədən sahibkar üzvlərimiz hesabına partiyamız ayaqda durur, fəaliyyətini davam etdirir. Təbii ki, dövlətin ayırdığı vəsaitin də müəyyən qatqısı var”.

BƏXTİYAR