
“Türkiyənin ATƏT-in Minsk Qrupundakı həmsədrlik məsələsi hələlik rəsmi səviyyədə müzakirəyə çıxarılmayıb”. Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun deyib.
Səfirin sözlərinə görə, hazırda bununla bağlı müxtəlif səviyyələrdə müzakirələr aparılır: “Əsas odur ki, Türkiyə Azərbaycanla yüksək səviyyədə əməkdaşlığı davam etdirir. Ankara Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanının ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllini həmişə dəstəkləyib. Türkiyə hazırda ATƏT-in Minsk qrupunun üzvü olaraq bu məsələnin qısa müddət ərzində beynəlxalq hüquq çərçivəsində həlli üçün bütün səylərimizi göstərəcəyik və Azərbaycana bu yöndə dəstək verəcəyik.
Qarşıdakı müddətdə bu məsələni hansı formada olacağı barədə fikir söyləmək tezdir. Türkiyə hansısa beynəlxalq təşkilatın üzvü olub-olmamasından asılı olmayaraq bu haqsızlığın aradan qaldırılması, beynəlxalq cəmiyyətin diqqətinin bu məsələyə yönəldilməsi, işğalın tez bir zamanda başa çatması üçün əlindən gələn bütün imkanlardan istifadə edəcək”.
Naibə QURBANOVA