BAKI, 19 noyabr. TELEQRAF
Noyabrın 20-si və 21-də paytaxtın Hava limanı şosesində və metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri ilə əlaqədar noyabrın 20-də saat 00:00-dan 06:00-dək Hava limanı şosesindən metronun "Koroğlu" stansiyası istiqamətində, Zığ döngəsi, Bülbülə–Əmircan döngəsi və "Komsomol" dairəsi ərazilərində hərəkət məhdudlaşdırılaraq alternativ istiqamətlər üzrə təşkil ediləcək. Hava limanından şəhərin mərkəzinə doğru hərəkət etmək istəyən sürücülər alternativ yol olaraq Zığ yolundan istifadə etməklə "8 Noyabr" prospekti istiqamətinə gedə bilərlər.
Noyabrın 21-də isə saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Həmin vaxt şəhərin mərkəzindən Hava limanına gedənlər metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmadəddin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı "8 Noyabr" prospektindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.
Qeyd olunub ki, ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin müvafiq istiqamətlərə yönləndirilməsi təmin olunacaq. İdarə sürücülərdən və digər hərəkət iştirakçılarından göstərilən tarixlərdə hərəkətlərini əvvəlcədən planlaşdırmalarını, mümkün sıxlığı nəzərə almalarını və alternativ yollardan istifadə etmələrini xahiş edib.