BAKI, 19 noyabr. TELEQRAF

Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib.

Onun sözlərinə görə, ilkin mərhələdə svetoforun Səbail rayonu ərazisində, Üzeyir Hacıbəyli küçəsinin Azadlıq prospekti ilə kəsişməsində mövcud olan "L" tipli dirəkdə yerləşdirilməsi planlaşdırılır.

Layihəyə əsasən, həmin dirəkdə "T" formalı, ağ-sarımtıl rəngli dörd dairəvi siqnalı olan xüsusi svetofor quraşdırılacaq. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təklifi əsasında həyata keçiriləcək layihənin məqsədi avtobusların onlar üçün ayrılmış xüsusi hərəkət zolağı ilə daha rahat, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir.

Ö.Xıdırov qeyd edib ki, ilkin tətbiqin nəticələri qiymətləndirildikdən sonra bu növ svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması imkanlarına baxılacaq.