BAKI, 26 oktyabr. TELEQRAF

Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdiriblər.

Teleqraf xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino şəxsi "İnstagram" hesabında yazıb.

Ali futbol qurumunun rəhbəri Misli Premyer Liqasının IX turunda keçirilmiş matçı stadiondan izlədiyini bildirib:

"Bakıda keçirilən rəqabətli oyunda "Sabah" və "Qarabağ" xalları bölüşərək Azərbaycan futbolunun nə qədər möhtəşəm olduğunu nümayiş etdirdilər. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, AFFA prezidenti Rövşən Nəcəf, FİFA Şurasının üzvü və Cibuti Futbol Assosiasiyasının prezidenti Süleyman Hassan Vaberi, FİFA Şurasının üzvləri Yuhanna Vud və Rodolfo Vilyalobos, "Sabah"ın prezidenti Maqsud Adıgözəlov və digər qonaqlarla bir arada olmaqdan şadam. Belə möhtəşəm atmosfer yaradaraq futbolun insanları necə birləşdirdiyini və sevinclə əhatə etdiyini bir daha sübuta yetirdiklərinə görə hər iki kluba, bütün azarkeşlərə təşəkkür edirəm".

Xatırladaq ki, Mərdəkandakı "Sabah Arena"da baş tutan "Sabah" - "Qarabağ" oyunu 0-0 hesabı ilə başa çatıb.