BAKI, 20 oktyabr. TELEQRAF
“Sabah”ın almaniyalı futbolçusu Coy-Lans Mikels UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasına 1:2 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Teleqraf xəbər verir ki, hücumçu qarşılaşmanın onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib:
“Bu, mənim üçün çox xüsusi, bəlkə də ən xüsusi oyun idi. Çünki söhbət mənim vətənimin təmsilçisinə qarşı oynamaqdan gedirdi. Çox yaxşı oyun keçirdik, xüsusilə "Dortmund"un qolundan sonra ilk hissədə üstünlük bizdə idi. Təəssüf ki, vurduğum qol hesabı bərabərləşdirməyə kifayət etmədi. Eşitdiyimə görə, qol zamanı ayaqqabım cüzi fərqlə ofsayd vəziyyətində olub. Buna görə çox məyusam.
Düşünürəm ki, bu oyundan nəticə çıxarıb inkişafımızı davam etdirə bilərik. "Dortmund"a qarşı cəmi 1:2 hesabı ilə uduzmağımız, hətta 1:1-dən sonra daha bir qol vurmaq imkanımızın olması komandamızın gücünü göstərir. Futbolda bəzən nəticəni xırda detallar müəyyənləşdirir. Ən azı bir xal qazana bilmədiyimiz üçün təəssüflənirik.
Bu məğlubiyyət, əlbəttə, ağrılıdır. Çünki "Dortmund"dan xal almağa çox yaxın idik. Amma həyat davam edir. İki həftədən sonra Norveçdə "Vikinq"lə oynayacağıq”.
Mikels “Borussiya”nın oyunçularının keyfiyyətini yüksək qiymətləndirib:
“Çukvuemeka ilə forma dəyişdirdim. Şlotterbekin də oyunu diqqətimi çəkdi. Onları həmişə televiziyada görürdüm, indi isə niyə bu qədər diqqət mərkəzində olduqlarını özüm də anladım. Xüsusilə hücumların qurulmasında çox yüksək səviyyədədirlər.
"Dortmund" həqiqətən güclü komandadır. Onların nə dərəcədə keyfiyyətli futbolçulara sahib olduqlarını bilirdik və oyunun çətin keçəcəyini anlayırdıq. Belə komandalar rəqibin zəif nöqtəsini hiss edən kimi təzyiqi artırırlar. Təəssüf ki, bizdə onların sahib olduğu keyfiyyət səviyyəsi hələ ki yoxdur”.