BAKI, 20 oktyabr. TELEQRAF
"Sabah" – "Borussiya" qarşılaşması Azərbaycan futbolu üçün maraqlı və əhəmiyyətli oyundur. Mən "Qəbələ"nin heyətində "Borussiya"ya qarşı meydanda olmuşam və belə səviyyəli rəqiblərlə oynamağın nə qədər çətin olduğunu yaxşı bilirəm. Bu cür oyunlarda rəqibin adı və təcrübəsi ilə yanaşı, meydanda düzgün taktika, intizam və özünəinam da böyük rol oynayır”.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin üzvü və “Qəbələ”nin futbolçusu Elvin Camalov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində Bakıda keçiriləcək “Sabah” – “Borussiya” (Dortmund) oyunu barədə danışarkən deyib.
“Qəbələ”nin heyətində 2015-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda Almaniya təmsilçisinə qarşı (1:3) çıxış edən 31 yaşlı yarımmüdafiəçi sabiq klubu haqqında da fikirlərini bölüşüb:
"Sabah"da uzun illər çıxış etməyim və komandanın kapitanı olmağım səbəbindən bu kluba xüsusi münasibətim var. İnanıram ki, komanda öz potensialını ortaya qoyaraq yaxşı mübarizə apara bilər. Belə qarşılaşmalar həm futbolçuların inkişafı, həm də Azərbaycan futbolunun beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət daşıyır. "Sabah"a uğurlar arzulayıram”.
E.Camalov qarşılaşma barədə hesab proqnozunu da açıqlayıb:
"Belə oyunlarda dəqiq hesab proqnozlaşdırmaq çətindir. "Borussiya" təcrübəli və yüksək səviyyəli komandadır, amma "Sabah"ın da öz potensialı və üstünlükləri var. Düşünürəm ki, maraqlı və gərgin oyun olacaq. Hesab təxminim 1:2 "Borussiya"nın xeyrinədir. Amma futbolda hər şey mümkündür və ümid edirəm ki, "Sabah" azarkeşlərini sevindirən nəticə əldə edər”.
Qeyd edək ki, “Sabah” – “Borussiya” (Dortmund) görüşü bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.