BAKI, 20 oktyabr. TELEQRAF
“Oyunun intensivliyindən, komandamın təzyiq göstərmək və topları ələ keçirmək cəhdlərindən razı qaldım. Matçın son saniyəsinə qədər mübarizədən qopmadıq. Lakin etiraf etməliyəm ki, "Borussiya" daha yüksək keyfiyyətə malikdir və əldə etdiyi fürsətlərdən yararlanaraq qələbə qazandı. Onları təbrik edirəm. Buna baxmayaraq, futbolçularımın göstərdiyi əzmkarlıqdan və tapşırıqları icra etmək bacarığından son dərəcə qürur duyuram”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda Almaniyanın “Borussiya” (Dortmund) klubuna 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Litvalı mütəxəssis jurnalistlərin suallarını cavablandırarkən taktiki plan və Patrik Mbinanın oyunu barədə fikirlərini bildirib:
“Konkret taktiki planımızın görünmədiyini deyən jurnalist, yəqin ki, matçı diqqətlə izləməyib. Stadionda olan hər kəs necə müdafiə olunduğumuzu və necə hücuma keçməyə çalışdığımızı gördü. O ki qaldı Patrik Mbinaya, mən komandamdakı hər bir futbolçunun çıxışından razıyam. Meydana daxil olanlar maksimum güclərini qoydular. Mbina bu gün boyca hündür və fiziki cəhətdən güclü olan rəqib mərkəz müdafiəçilərinə qarşı bizə çox kömək etdi. Boşluqlar tapdı, vacib ikili mübarizələr qazandı. Onun performansından məmnunam və ümid edirəm ki, növbəti matçlarda da bu oyununu inkişaf etdirəcək”.
Təcrübəli baş məşqçi qarşılaşmada məyus olduğu məqamlara və rəqibin səviyyəsinə də toxunub:
"Borussiya" hazırda Avropanın ən güclü komandaları arasındadır və Bundesliqada şərikli liderliyi bölüşür. Həmkarım Niko Kovaçın dediyi kimi, onlar matçı daha tez — 3:1 və ya 4:1 hesabı ilə də bitirə bilərdilər. Lakin biz də son dəqiqələrə qədər oyunda qaldıq. Son 10-15 dəqiqədə təşəbbüsü ələ alaraq bərabərlik qoluna çox yaxınlaşdıq.
Oyunda məni en çox məyus edən hər iki hissənin ilk 15 dəqiqəsindəki çıxışımız oldu. Azərbaycan Premyer Liqasına hörmətim sonsuzdur, lakin Çempionlar Liqası tamamilə fərqli dinamikaya, sürətə və fiziki gücə malikdir. Biz bu sürətə uyğunlaşmağa çalışarkən qapımızda qol gördük. Yenə də böyük bir təcrübə qazandıq. Müsbət məqamları götürüb, mənfiləri unudacağıq. Artıq bu gecədən etibarən bazar günü "Qarabağ"la keçiriləcək vacib matçın hazırlıqlarına başlayırıq”.