BAKI, 20 oktyabr. TELEQRAF

“Qələbə bizim üçün çox vacib idi. Oyunun gedişatından və göstərdiyimiz futbol keyfiyyətindən razı qaldım. Xüsusilə hücum xəttində əla iş ortaya qoyduq. Qələbəyə tam layiq idik. Lakin etiraf etməliyəm ki, rəqib əzmkar mübarizə apardı və zaman-zaman bizi çətin vəziyyətə salmağa çalışdı”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın “Borussiya” (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis komandasının oyununu və buraxılan qolu belə qiymətləndirib:

“Rəqib qapısı qarşısında çoxlu qol epizodları yaratdıq. Yeganə çatışmayan cəhətimiz şanslardan daha çox yararlana bilməməyimiz oldu. Səfər matçı üçün göstərdiyimiz oyundan tam razıyam. Buraxdığımız qola gəlincə, standart vəziyyətlərdən qol buraxmaq məni həmişə əsəbiləşdirir. Amma dürüst olsam, epizodda qayda pozuntusu yox idi. Belə təmaslara faul veriləcəksə, futbol kontaksız oyuna çevriləcək. Yalnız 2:1-dən sonra matçı daha tez bitirmək şanslarımız var idi, lakin imkanları boşa verdik və sona qədər həyəcan yaşamalı olduq”.

Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran N.Kovaç “Sabah” və Valdas Dambrauskas haqqında yüksək fikirlər səsləndirib:

“Çoxları elə düşünür ki, Norveçə və ya Azərbaycana səfər edirsənsə, asan qələbə qazanacaqsan. Qətiyyən elə deyil! "Sabah" heç də zəif rəqib deyil. Qarşımızda yaxşı taktiki və texniki hazırlığa, fiziki gücə və komandanı oyuna mükəmməl hazırlayan baş məşqçiyə sahib ciddi rəqib var idi.

Mən "Sabah"ın "Slaviya"ya qarşı və təsnifat mərhələsindəki oyunlarını izləmişdim, ona görə də göstərdikləri futbol məni təəccübləndirmədi. Əminəm ki, qarşıdakı 5 matçda bir çox rəqib onlara qarşı çətinlik çəkəcək. Həmkarıma növbəti oyunlarda uğurlar arzulayıram”.