BAKI, 19 oktyabr. TELEQRAF

"Zirə"nin müdafiəçisi Ruan Renato Teleqraf-a müsahibə verib.

Futbolçu “Kəpəz”lə oyunu, Gəncə təmsilçisinin azarkeşlərinin yaratdığı atmosferi, komandadakı zədə problemlərini və mövsümün qalan hissəsi ilə bağlı hədəflərini dəyərləndirib.

Onunla müsahibəni təqdim edirik:

– “Kəpəz”lə oyunu necə dəyərləndirirsiniz? İlk hissədə istədiklərinizi həyata keçirə bilməməyinizin səbəbi nə idi?

– Bizim üçün vacib oyun idi. “Kəpəz” doğma meydanda, azarkeşlərinin dəstəyi ilə çox yaxşı çıxış edir. Çempionatımızda buraya gəlib xal itirən komandaların olduğunu nəzərə alsaq, düşünürəm ki, gərgin və çətin oyun oldu. İlk hissədə istədiklərimizi meydanda tam həyata keçirə bilmədik. İkinci hissədə qapımızdan qol buraxdıqdan sonra komandamız yaxşı reaksiya göstərdi. Oyunun sonlarına yaxın bir neçə qol fürsəti yaxaladıq, lakin onlardan yalnız birini dəyərləndirə bildik. “Kəpəz”in ev sahibi kimi yaxşı performans göstərdiyini nəzərə alsaq, bu gün bir xal qazandığımızı düşünürəm.

– “Kəpəz” azarkeşlərinin yaratdığı atmosfer barədə nə deyə bilərsiniz? Bu cür azarkeşlər qarşısında oynamaq sizdə əlavə təzyiq yaradır?

– “Kəpəz” azarkeşləri ən xoş sözlərə layiqdirlər. Bunu təkcə Gəncə təmsilçisi üçün deyil, bütövlükdə Azərbaycan futbolu üçün deyirəm. Belə infrastrukturun olması azarkeşləri də ruhlandırır. Onlar sevimli komandalarını yaxşı şəraitdə dəstəkləmək imkanı əldə edir və oyunlara daha böyük həvəslə gəlirlər. Biz də Azərbaycan çempionatında belə atmosferdə, bu cür azarkeşlər qarşısında oynamaq üçün darıxmışıq.

Düşünürəm ki, digər komandalar da mənimlə razılaşarlar. Belə atmosferdə oynamaq həqiqətən təqdirəlayiqdir. Bu, müəyyən mənada Azərbaycan futbolunun inkişafını göstərir. İnanıram ki, gələcəkdə digər komandalar da belə infrastruktura sahib olacaq və daha böyük azarkeş dəstəyi qazanacaqlar.

– Komandada zədəli futbolçuların çoxluğu nəticələrinizə nə dərəcədə təsir edir? Yay transferləri zamanı heyətə cəlb etdiyiniz oyunçuların da zədələnməsi işinizi nə qədər çətinləşdirib?

– Hazırda çox həssas dövrdən keçirik. Bildiyiniz kimi, əsas heyətdə çıxış edən futbolçularımızın bir qismi zədəlidir. Yay transfer pəncərəsində heyətimizə qatdığımız bəzi oyunçuların da sıradan çıxması işimizi ciddi şəkildə çətinləşdirir.

Bugünkü oyunda da, məsələn, Lekbo və İsa zədədən yeni qayıdan futbolçulardır. Onların komandaya təsiri hamımıza məlumdur. Düşünürəm ki, hazırkı vəziyyətdə bir qədər səbirli olmalı və zədəli futbolçularımızın sıraya qayıtmasını gözləməliyik.

– Komandanın mövsümə uğurlu başlamasından sonra nəticələrdə eniş yaşandı. Sizcə, buna əsas səbəb zədələrdir, yoxsa başqa amillər də var?

– Avrokuboklarda da çox yaxşı çıxış edirdik. Çempionatın ilk üç oyununda qələbə qazanmışdıq. Sonradan isə problemlər başladı və getdikcə daha çox futbolçumuz zədələndi. Əsas səbəbin məhz zədə problemləri olduğunu düşünürəm.

– Zədəli futbolçuların sıraya qayıtmasından sonra komandanın daha yaxşı nəticələr göstərəcəyinə inanırsınız? Mövsümün sonunda hansı hədəfə çatmağı planlaşdırırsınız?

– İndi səbirli olmalı, zədədən qayıdan oyunçularımızın tam hazır vəziyyətə gəlməsini gözləməliyik. Ümid edirəm ki, onlar sıraya döndükdən sonra çempionatı mümkün qədər yüksək pillələrdə başa vurmaq üçün daha çox oyun qazanacağıq.