BAKI, 18 oktyabr. TELEQRAF
“Zirə”nin qapıçısı Aydın Bayramov Azərbaycan Premyer Liqasının VIII turunda “Kəpəz”lə heç-heçə etdikləri oyun (1:1) barədə danışıb.
Qolkiper matçdan sonra Teleqraf-a açıqlamasında qarşılaşmanın maraqlı keçdiyini bildirib.
"İlk növbədə "Kəpəz"i təbrik etmək istəyirəm. Belə meydança və belə azarkeş atmosferi Azərbaycanda hər zaman olmur. Doğrudan da, meydançadan və atmosferdən həzz aldıq. Maraqlı oyun keçdi. Həm onlar, həm də biz qalib gələ bilərdik. Bizim də istifadə edə bilmədiyimiz epizodlarımız oldu, onların da fürsətləri var idi. Heç-heçə, ümumilikdə, bizim üçün pis nəticə deyil", – deyə o bildirib.
Bayramov növbəti oyunla bağlı gözləntilərini də bölüşüb:
"Hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Növbəti matçımız "Sumqayıt"ladır. Hazırlaşmaq üçün beş gün vaxtımız var. Həmin görüşdə də maksimum nəticə qazanmağa çalışacağıq".
Qapıçı turnir cədvəlindəki vəziyyətə toxunaraq qarşıdakı üç oyunun əhəmiyyətini vurğulayıb:
"Biz maksimum yuxarı pillələr uğrunda mübarizə aparırıq. Həm yuxarıdakılara çatmaq, həm də aşağıdakılardan uzaqlaşmaq üçün qarşıdakı üç oyun bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Maksimum yuxarı pillələr üçün oynayacağıq ki, avrokuboklara düşə bilək".