BAKI, 18 oktyabr. TELEQRAF

“Bilirdik ki, bizim üçün ağır oyun olacaq. Qələbə qazana bilərdik, amma bu gün qismət belə imiş, bir xal götürdük”.

Bu sözləri “Kəpəz”in futbolçusu Rəhman Hacıyev Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” ilə heç-heçə etdikləri oyundan (1:1) sonra Teleqraf-a açıqlamasında deyib.

O, ilk növbədə azarkeşlərə dəstəyə görə təşəkkür edib:

“Öz meydanımızda azarkeşlərə bizə göstərdikləri dəstəyə görə "çox sağ ol" deyirik. Onların motivasiyası bizim üçün çox önəmlidir. Bu bir xal da bizim üçün çox vacibdir. Qarşıda bizi yenə çətin oyunlar gözləyir. Artıq bu oyunla kifayətlənmək olmaz. Topladığımız xalları geridə qoyub növbəti matça hazırlaşmalıyıq. İnşallah, qarşıdakı oyuna da qələbə qazanmaq üçün çıxacağıq”.

Yarımmüdafiəçi komandanın turnir cədvəlinin yuxarı pillələrində qərarlaşması üçün daha çox çalışmalı olduqlarını bildirib:

“Daha çox çalışmalı, işləməli və istəməliyik. Daha çox istəsək və çalışsaq, çox şeyə nail ola bilərik”.

Rəhman Hacıyev görüşün son dəqiqələrində buraxılan qolun komandaya təsir etdiyini də söyləyib:

“Təbii ki, bu, istər-istəməz komandaya təsir edir, pis oluruq. Amma bu futboldur. Əlavə dəqiqələrdə həm qol vura, həm də qol buraxa bilərsən. Deməli, müəyyən boşluqlar olub ki, belə alındı. İnşallah, çalışacağıq ki, qarşıdakı oyunlarda belə hal təkrarlanmasın”.