BAKI, 18 oktyabr. TELEQRAF
"Bir oyunda üç qol buraxmaq istəməzdik. Amma eyni zamanda üç qol vurduq ki, bu da müsbət məqamdır. Sonda hesabı 3:3 etməyi bacardıq. Düşünürəm ki, bu, pis nəticə deyil".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Zakariya Savo Misli Premyer Liqasında "Neftçi" ilə 3:3 hesablı heç-heçə etdikləri oyundan sonra deyib.
O, qarşılaşmanı dəyərləndirərək komandanın son dəqiqələrdə qələbə qazanacağına inandığını bildirib:
"Son dəqiqələrdə qələbə qazana biləcəyimizə 100 faiz inanırdıq. Hətta son künc zərbəsində qapıçımız da irəli çıxmışdı. Qol vuracağımıza tam əmin idik".
Savo növbəti turda "Sabah"la keçirəcəkləri matç barədə də konuşaraq, meydana yalnız qələbə üçün çıxacaqlarını vurğulayıb:
"Sabah"la oyuna qələbə qazanmaq üçün gedəcəyik. Məqsədimiz yalnız üç xaldır. Çempion olmaq istəyirik və bunun üçün çempionatın güclü komandalarını məğlub etməliyik. Buna görə də səfərdə qələbə qazanmaq istəyirik".
"Qarabağ"ın hücumçusu azarkeşlərin dəstəyinə də toxunub. O, tribunada çoxlu azarkeşin olmasının komanda üçün əlavə motivasiya yaratdığını qeyd edib:
"Azarkeşlərimizə təşəkkür edirəm. Bu gün stadiona çoxlu azarkeş gəlmişdi. Onları tribunada görmək həmişə xoşdur. İstəyirik ki, hər zaman gəlib bizə dəstək olsunlar. Onlar bizə daim enerji verirlər".