BAKI, 19 oktyabr. TELEQRAF

Bakıda manevretmə qaydalarının pozulması nəticəsində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Teleqraf xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Ötən gün paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verən 1 nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi ilə bağlı görüntü yayıb.

Manevretmə qaydalarının pozulması nəticəsində qəza riski yaranır, yol-nəqliyyat hadisəsi baş verir, ölən və xəsarət alanlar olur. Bir sözlə, istənilən yanlış manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.

Bildirilib ki, bəzi sürücülər dönməzdən və zolaq dəyişməzdən əvvəl ya təhlükəsizlik tədbirləri görmürlər, ya da işıq siqnallarını yandırmaqla üstünlüyün onlarda olduğunu düşünürlər:

"Onlar yanılırlar. Sürücülərin bir qismi ümumiyyətlə manevretmə zamanı işıq və səs siqnallarından istifadə etmirlər. Sürücü diqqətsizliyi və qaydaların kobud şəkildə pozulması yol-nəqliyyat hadisələrinin baş verməsinə və digər hərəkət iştirakçılarının da ölüm və xəsarət almasına səbəb olur".

NİİM sürücülərdən məsuliyyətli davranmağı və manevr edərkən qaydalara əməl etməyi xahiş edir.