BAKI, 24 sentyabr. TELEQRAF

Azərbaycan millisinin UEFA Millətlər Liqasının D Liqasında qrup qalibi olaraq AVRO-2028-in pley-off mərhələsinə vəsiqə qazanmaq nəzəri şansı var.

Teleqraf xəbər verir ki, yeni sistemə əsasən, 2026/27 mövsümündə D Liqasında mübarizə aparan 6 komandanın hamısı növbəti turnirdə C Liqasında çıxış edəcək. Azərbaycan isə D2 qrupunda Litva və Lixtenşteynlə qarşılaşacaq.

Bununla yanaşı, D Liqasının ən yaxşı qrup qalibi üçün AVRO-2028-in pley-off mərhələsinə əlavə yol açıla bilər. Yuxarı liqalardakı qrup qaliblərinin seçmə mərhələsi vasitəsilə Avropa çempionatına birbaşa vəsiqə qazanması halında yaranacaq boş pley-off yerlərindən biri D Liqasının ən yaxşı qrup qalibinə veriləcək.

Hazırkı hesablamalara görə, Azərbaycan bu göstəricidə əsas namizədlərdən biridir və Maltanı 0,1 xal qabaqlayır. Bunun üçün millimiz əvvəlcə öz qrupunda birinci olmalı, daha sonra digər qrupun qalibini nəticələrinə görə üstələməlidir.

Beləliklə, Azərbaycan millisi Millətlər Liqasındakı nəticələrindən və yuxarı liqalardakı komandaların seçmə mərhələdəki performansından asılı olaraq AVRO-2028-in pley-offuna düşmək imkanı əldə edə bilər.