BAKI, 24 sentyabr. TELEQRAF
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu Millətlər Liqasının Uelslə keçiriləcək oyunu öncəsi mətbuat konfransında karyerasını başa vurması ilə bağlı açıqlama verib.
Teleqraf xəbər verir ki, 41 yaşlı futbolçu mövsümün sonunda futbolla vidalaşa biləcəyinə işarə edib.
“Bu, mənim son ilim olacaq? Bilmirəm, amma ola bilər. Bədənim və zehnim imkan versə, hələ də formada olsam, bilmirəm... Portuqaliya millisində oynamağa layiq olduğumu sübut edirəm. Bunu millidə və klubumda vurduğum qollarla göstərmişəm. Milli komandada hər bir oyunçuya ehtiyacımız var”.
Ronaldo qarşısında iki əsas məqsədin olduğunu da bildirib:
“Önümdə iki məqsəd var: Millətlər Liqasını qazanmaq və karyeramda 1000 qola çatmaq. Bunu vəsvəsəyə çevirmişəm? Xeyr. Çünki bunu vəsvəsəyə çevirsəniz, mənfi nəticələr yaşana bilər”.
Portuqaliyalı ulduz ehtiyatda qalacağı təqdirdə bununla bağlı problem yaşamayacağını söyləyib:
“Oynamağa tam hazıram. Əgər baş məşqçi məni ehtiyatda saxlamağı seçsə, buna da hazıram. Oynamasam belə, problem yoxdur. Bu, baş məşqçinin məsuliyyətidir”.