BAKI, 24 sentyabr. TELEQRAF

Məlum olduğu kimi, Azərbaycan Premyer Liqası təmsilçisi “Turan Tovuz” oktyabrın 3-də milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək Türkiyə təmsilçisi “Fənərbağça” ilə qarşılaşacaq. 1994-cü ildə “Turan”ın avrokuboklarda məhz “Fənərbağça” ilə üz-üzə gəlməsi və İstanbul təmsilçisinin ölkəmizdə böyük populyarlığa sahib olması bu qarşılaşmanın keçirilməsində rol oynayan əsas amillərdəndir.

Teleqraf qarşıdakı oyun, Bakı səfəri və Azərbaycan futbolu ilə bağlı “sarı-lacivertlilər”in baş məşqçisi İsmail Kartalın eksklüziv müsahibəsini təqdim edir:

– Oktyabrın 3-də “Turan Tovuz”la keçirəcəyiniz hazırlıq oyunu ilə əlaqədar Bakıya gələcəksiniz. Bakı səfəri öncəsi hazırlıqlarınız necə gedir və bu qarşılaşma sizin və komandanız üçün nə ifadə edir?

– Əvvəlcə Teleqraf xəbər agentliyinə fəaliyyətində uğurlar, azərbaycanlı futbolsevərlərə isə xoş günlər arzulayıram. “Turan Tovuz”la keçirəcəyimiz hazırlıq oyunu iki qardaş ölkə arasındakı birliyin möhkəmlənməsi, dostluq və qardaşlığın daha da güclənməsi baxımından bizim üçün çox önəmlidir. Çempionatdakı fasilədən istifadə edərək keçirəcəyimiz bu yoldaşlıq görüşü hazırlıq prosesimiz üçün də böyük əhəmiyyət kəsb edir.

– “Fənərbağça” daha əvvəl Azərbaycan komandalarından “Xəzər Lənkəran” və “Neftçi” ilə hazırlıq oyunlarında qarşılaşıb. 2013-cü ildə “Xəzər Lənkəran”la oyunda məşqçilər korpusunda köməkçi məşqçi kimi yer almışdınız, “Neftçi” ilə matçda isə komandanın baş məşqçisi idiniz. Yenidən Azərbaycan komandası ilə qarşılaşmaq sizdə hansı hissləri yaradır? Həmçinin, bu cür qardaşlıq oyunlarının yalnız Bakıda deyil, gələcəkdə Türkiyədə də keçirilməsi fikrini necə qiymətləndirirsiniz?

– Bu tip oyunların Azərbaycan və ölkəmiz adına keçirilməsinin iki ölkənin futbol mədəniyyətinin inkişafına çox böyük töhfə verəcəyini düşünürəm. Türkiyədə də bu cür hazırlıq oyunlarının keçirilməsinin Azərbaycan və Türkiyə komandaları arasındakı münasibətləri daha da gücləndirəcəyinə inanıram.

– Azərbaycan futbolu son illərdə avrokuboklarda nəzərəçarpan irəliləyiş əldə edib. Ümumilikdə ölkə futbolunun gəldiyi səviyyə haqqında nə düşünürsünüz?

– Son illərdə Azərbaycan futbol komandaları avrokuboklarda kifayət qədər uğurlu çıxış edirlər. Xüsusilə ötən il “Qarabağ”ın göstərdiyi mübarizə təqdirəlayiq idi. İki qardaş ölkə arasında keçirilən bu cür oyunların futbolun inkişafına və daha da kütləviləşməsinə töhfə verəcəyini düşünürəm.

– Fasilə səbəbindən bəzi futbolçularınız milli komandaların heyətində olacaq. Azarkeşlərin də heyətlə bağlı gözləntiləri böyükdür. “Fənərbağça” Bakıya hansı heyətlə gələcək?

– Hər nə qədər milli komandalarına gedəcək futbolçularımız olsa da, meydanda önəmli oyunçularımız yer alacaq. Təbii ki, onların arasında gənc istedadlara da şans verəcəyik.

– Son zamanlar mətbuatda və azarkeşlər arasında komandanın oyun taktikası, xüsusilə təzyiq altındakı reaksiyaları ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu dostluq oyunu sizə həm taktiki baxımdan sınaqlar aparmaq, həm də daha az vaxt alan futbolçuların vəziyyətini görmək baxımından necə bir fürsət yaradır?

– Bu oyun vasitəsilə həm oyun gücümüzü inkişaf etdirəcəyik, həm də futbolçularımızın daha yaxşı komanda ilə qarşılaşmasından istifadə edəcəyik. Bununla yanaşı, milli komandaların oyunlarında iştirak edən futbolçularımızın performansını da qiymətləndirmiş olacağıq. Bu da liqanın davamı üçün futbolçularımızın hansı vəziyyətdə olduğunu görmək baxımından bizim üçün bir fürsət olacaq.

– Gərgin oyun qrafiki və çempionluq mübarizəsi fonunda bu cür hazırlıq matçları komandanın üzərindəki stresi azaltmaq baxımından nə dərəcədə rol oynayır?

– Bu tip oyunların komandanın bir-biri ilə uyğunluğunu və inkişafını təmin etmək baxımından çox önəmli olduğunu düşünürük.

– Türkiyədə tənqidlərə cavab verərkən hər zaman obyektivliyi və birlik olmağı ön plana çıxarırsınız. Azərbaycanda da sizi və “Fənərbağça”nı böyük sevgi ilə izləyən yüz minlərlə azarkeş var. İki qardaş ölkənin azarkeşlərinin birlikdəliyinə və Bakıdakı sarı-lacivərdli camiəyə mesajınız nə olardı?

– Dünyanın hər yerindəki böyük “Fənərbağça” azarkeşlərindən oyunçularımıza, məşqçilər korpusuna və bizə güvənmələrini, mövsümün sonuna qədər bizə olan dəstəklərini davam etdirmələrini istəyirik. Biz də onları məyus etməmək üçün əlimizdən gələnin ən yaxşısını etməyə və onlara layiq olmağa çalışırıq.