BAKI, 24 sentyabr. TELEQRAF

“Hazırda psixoloji olaraq çox yaxşıyam, xoşbəxtəm. Milli komandaya gəlmişəm, hər şey qaydasındadır. İnanıram ki, hər şey daha da yaxşı olacaq”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Toral Bayramov deyib.

O, yığmanın heyətində Tacikistana qarşı keçirilən yoldaşlıq görüşündə 1:0 hesablı qələbəyə səbəb qolu vurması barədə danışıb:

“Qol vurmaq hər zaman əlavə motivasiya verir. Amma bura milli komandadır. Qol vurmaq üçün yox, hər zaman qələbə qazanmaq üçün meydana çıxırıq. Bunun üçün əlimizdən gələn hər şeyi də edəcəyik.

İlk oyunumuz idi, qələbə qazanmaq vacib idi. Qələbəyə ehtiyacımız vardı. Önümüzdəki oyuna hazırlaşacağıq. İnşallah, orada da qələbə qazanarıq. Azarkeşlərə yanımızda olduqları üçün təşəkkür edirəm. İnanın ki, əlimizdən gələni edirik ki, yaxşıya doğru gedək və gedəcəyik. Bizə inansınlar və yanımızda olsunlar”.

Türkiyədə legioner karyerasında I Liqa təmsilçisi “Bursaspor”da son zamanlar ürəkaçan dönəm yaşamayan T.Bayramov çalışaraq özünü sübut edəcəyini bildirib:

“Karyeramla bağlı heç bir dəyişiklik planlamıram. Hər şey yaxşı olacaq. Enişlər, yoxuşlar olur, hər şey düzələcək”.

Futbolçu “Bursaspor” azarkeşlərinin onun klubdan ayrılmasını istəməsinə də münasibət bildirib:

“Bu, normaldır. Dünyanın hər yerində olur. Mən sübut edəcəyəm, hər şey yaxşı olacaq. Hər birini sevirəm”.

Qeyd edək ki, Toral Bayramov bu ilin iyununda “Qarabağ”dan “Bursaspor”a transfer olunub.