BAKI, 22 sentyabr. TELEQRAF

“Sabah yaxşı oynayıb qalib gəlmək istəyirik. Rotasiyalarımız olacaq. Evdə oynayırıq, azarkeşlərimizin dəstəyi ilə qələbə qazanmaq istəyirik”.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis sabah baş tutacaq görüşə hazırlıqlardan danışıb:

“Rəqib 2026-cı ildə məğlub olmayıb. Bəzi futbolçularımız gec qoşuldu. Buna baxmayaraq, planımız var. Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5,5 saatlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayanlara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun edir. Bu da futbolçunun zədələnməsi ehtimalını çoxaldır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi fikirləşirik. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə oyunçu olacaq ki, 4 oyunda da oynayacaq. Çünki komandanın sütunları var”.

Mütəxəssis Nəriman Axundzadənin U-21 yığmasına dəvət olunması, Şahruddin Məhəmmədəliyevin isə ümumiyyətlə milliyə çağırılmaması ilə bağlı suala belə cavab verib:

“Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi, ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. “Ərzurumspor”da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma başqadır, öz mövqeyində gərək yerlidən iki baş güclü olasan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr.

Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev “Neftçi”də, Aydın Bayramov “Zirə”də əsas heyətdə çıxış edir. Rəvan isə perspektivli gəncdir, “Sabah”ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçıdır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddinə çempionatda şans veriləcək. Təəssüf ki, olmadı. O da milli karyerasını fikirləşməlidir.

Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olmamışdı. Ancaq biz onu “Qəbələ”dən dəvət etdik. Həmin vaxt “Qəbələ” son pillələrdə gedirdi. Ancaq biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə danışanda deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq”.

Abbasov Mahir Emrelini izləmək üçün Polşaya gedəndə buna reaksiyaların fərqli olmasına da münasibət bildirib:

“Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya fikir dəyişib. Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük, Mahir haqda onlardan o sözləri eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda bizdən soruşdular. Burada pis bir şey yoxdur. “Bursaspor”da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya gedir. Bu işimizdir, etməliyik”.

Baş məşqçi Toral Bayramovun “Bursaspor”da çox oynamamasına baxmayaraq, sabah ona şans verəcəyini qeyd edib:

“Əslində, başqa təklifləri var idi. Amma “Bursaspor”u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, iki dəfə baxmışam oyuna. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur”.

Litva millisinin baş məşqçisi Edqaras Yankauskasın “Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur” fikrinə münasibət bildirən Abbasov deyib:

“Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələr o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, “Kəpəz”in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun”.

Qeyd edək ki, Azərbaycan – Tacikistan matçı sentyabrın 23-də saat 20:00-da 8-ci km qəsəbə stadionunda start götürəcək.