BAKI, 20 avqust. TELEQRAF

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail”in “Sakaryaspor”la yoxlama görüşü yarımçıq dayandırılıb.

Teleqraf xəbər verir ki, Bolunun Karaçayır stadionunda keçirilən qarşılaşmada hesab 1:1 olarkən futbolçular arasında insident yaşanıb.

İkinci hissədə sərt müdaxilələrdən sonra tərəflər arasında başlayan mübahisə davaya çevrilib. Gərginliyin artması səbəbindən polis əməkdaşları da meydana daxil olaraq futbolçuları ayırmağa çalışıblar.

Türkiyə mətbuatının məlumatına görə, qarşılaşmanın sonlarında “Səbail”in müdafiəçisi Kənan Quliyevin “Sakaryaspor”un gənc oyunçusu Məhəmməd Əli Özbaşkıcını boğazından tutması gərginliyi daha da artırıb. Bundan sonra matçın davam etdirilməməsinə qərar verilib.

“Sakaryaspor”un qolunu Uğur Can vurub. Görüş dayandırılan anda hesab 1:1 olub.