BAKI, 19 avqust. TELEQRAF
“Qarabağ” son illərdə Konfrans Liqasından daha yüksək səviyyəli turnirlərdə çıxış edib. Bu, onların səviyyəsi haqqında kifayət qədər məlumat verir. Komandada yüksək fərdi keyfiyyətlərə malik futbolçular var və indi də belədir. Buna qarşı diqqətli olmalıyıq".
Teleqraf xəbər verir ki, bu barədə Niderlandın “Tvente” klubunun baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi keçirdiyi mətbuat konfransında bildirib.
O, “Qarabağ”la hər iki qarşılaşmanı final adlandırıb:
“Bizi “Qarabağ”la iki final gözləyir. “Qarabağ” “Tvente” üçün yad rəqib deyil. Mən də əvvəllər bu Azərbaycan klubu ilə qarşılaşmışam. Həmin vaxt “Lex”in baş məşqçisi idim və bu, təsnifat mərhələsində olmuşdu".
Niderlandlı mütəxəssis deyib ki,“Qarabağ” Cənubi Avropa və Cənubi Amerika futbolunun təsirlərinin hiss olunduğu komandadır və onların oyununda da bunu görmək mümkündür: "Onlar daha çox topa sahib olmağa üstünlük verirlər. Düşünürəm ki, bizim mütləq şansımız var. Sevdiyimiz və istədiyimiz oyunu göstərməliyik. Dominant olmaq, topa sahib olmaq və azarkeşlərimizin dəstəyi ilə rəqibi geri çəkilməyə məcbur etmək istəyirik. Bunu bacarsaq, gələn həftə keçiriləcək cavab oyunu öncəsi özümüz üçün çox yaxşı üstünlük yarada bilərik".
Baş məşqçi əlavə edib ki, maksimum nəticəyə nail olmaq üçün azarkeşlərə ehtiyac var: "Ev oyunlarında dəfələrlə etdikləri kimi, onlar bizə son təkanı verə bilərlər"
Qeyd edək ki, “Tvente” - “Qarabağ” matçı sabah Enshededəki “De Qrolş Veste” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.