BAKI, 19 avqust. TELEQRAF
Türkiyənin “Trabzonspor” klubunun icarəyə götürməyə hazırlaşdığı Darvin Nunyesin transferində son anda vəziyyət dəyişib.
Teleqraf xəbər verir ki, Uruqvay millisinin hücumçusu Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Avstriyadakı təlim-məşq toplanışının son günündə heyətə daxil edilməyib və transferini tamamlamaq üçün Türkiyəyə gəlməsi planlaşdırılıb.
Lakin Səudiyyə Ərəbistanının digər təmsilçisi “Əl-Diriyah”ın danışıqlara qoşulması vəziyyəti dəyişib. Klub 27 yaşlı futbolçunu bir mövsümlük icarəyə götürmək üçün “Əl-Hilal”la danışıqlara başlayıb.
“Əl-Diriyah”ın Nunyesin maaşının 75 faizini ödəməyə hazır olduğu bildirilir. Bundan sonra “Əl-Hilal” “Trabzonspor”la apardığı danışıqları dayandırıb və futbolçunun “Əl-Diriyah”a keçidi ilə bağlı müzakirələrə razılıq verib.
Qeyd edək ki, əvvəlcə Darvin Nunyesin bir mövsümlük icarə əsasında “Trabzonspor”a keçməsi nəzərdə tutulurdu. Son hadisələrdən sonra onun “Əl-Diriyah”a transfer olunacağı gözlənilir.