BAKI, 19 avqust. TELEQRAF
“Çox vacib səfərə çıxırıq. Keçmişdən tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadiondadır. Problemlərimiz olsa da, yaxşı nəticə ilə qayıtmağa çalışacağıq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) klubuna qarşı keçiriləcək ilk matçdan əvvəl baş tutan mətbuat konfransında deyib.
Mütəxəssis Niderland təmsilçisi ilə oyuna yaxşı hazırlaşdıqlarını bildirib:
“Oyuna hazırlaşmaq imkanımız o qədər də çox olmadı. Daxili çempionat başladı. Futbolçuların istirahət etməyə vaxtı olmadı. Avropada oynamaqdan vaz keçmək istəmirik. Avropa tamamilə başqa səviyyədir. Oradan əl çəkmək istəmirik”.
Qurban Qurbanov “Tvente”nin heyəti və komandasının əvvəlki qarşılaşmaları barədə də danışıb:
“Biz o dövrdə indikindən daha yaxşı idik. Bu gün zədəli oyunçularımız var. O dövrdə daha hazırlıqlı və istəkli idik. “Tvente”nin heyətində bu gün dinamik futbolçular çoxdur. Rəqib çox maraqlı futbol oynayır. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı oyun olsun. Bizim futbolçuların üzərinə daha çox məsuliyyət düşür”.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.