BAKI, 19 avqust. TELEQRAF
İngiltərənin "Çempionşip" liqasında çıxış edən “Çarlton Atletik” futbol klubunun stadionunda 33 yaşlı kişinin meyiti tapılıb.
Teleqraf xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Bildirilib ki, London Polisi və Təcili Tibbi Yardım əməkdaşları paytaxtın cənub-şərqində yerləşən "Də Valli" stadionuna çağırılıblar. Hüquq-mühafizə orqanları həmin şəxsin hadisə yerində vəfat etdiyini bildirib. Mərhumun hündürlükdən yıxılaraq həyatını itirməsi ehtimal olunur.
"Çarlton Atletik" klubu yayımladığı bəyanatda mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib və istintaq orqanları ilə tam əməkdaşlıq etdiyini açıqlayıb.
Hadisə klubun mövsümün ilk ev oyununda “Derbi Kaunti”ni 2:1 hesabı ilə məğlub etməsindən bir neçə gün sonra baş verib.