BAKI, 19 avqust. TELEQRAF
“Bu yola başladığımız vaxtdan heç vaxt favorit olmamışıq. Həm biz, həm də rəqiblərimiz autsayder hesab olunurduq. Amma gördüyümüz iş, malik olduğumuz keyfiyyətlər və futbolçuların meydandakı səviyyəsi ilə burada olmağa layiq olduğumuzu sübut etdik”.
Teleqraf xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının pley-off mərhələsinin “Hapoel Beer-Şeva” (İsrail) ilə ilk oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
Litvalı mütəxəssis qarşıdakı görüşün maraqlı keçəcəyini bildirib:
“Çempionlar Liqasının pley-off mərhələsi həmişə həyəcanlı olur. Klubumuz üçün burada ilk dəfə iştirak etmək xüsusi əhəmiyyət daşıyır və bu oyunu böyük səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edib rəqibimiz “Hapoel Beer-Şeva”nı da bu mərhələyə yüksəlməsi münasibətilə təbrik edirəm. Düşünürəm ki, iki həftədən sonra bizdən biri tarix yazaraq Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanacaq”.
Dambrauskas komandaların oyun üslubunda oxşarlıqların olduğunu vurğulayıb:
“Bizi çox maraqlı mübarizə gözləyir. Komandalar bir-birinə çox bənzəyir. Hər iki tərəf futbol oynamaq, pressinq etmək, oyuna nəzarət etmək və dominant olmaq istəyir. Hər iki komanda ilk növbədə hücumu düşünür. Görək, nə baş verəcək”.
Baş məşqçi bütün futbolçuların qarşılaşmaya hazır olduğunu da əlavə edib:
“Bakıdan buraya gəlmişik, bu axşam məşq etdik. Bütün futbolçular sağlamdır və sabahkı oyuna hazırıq”.
Qeyd edək ki, "Hapoel" - "Sabah" matçı avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da Buxarestdəki "Quleşti" stadionunda keçiriləcək.