BAKI, 18 avqust. TELEQRAF
Portuqaliya klublarından “Benfika” Almaniya təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Joau Palinyanı transfer etmək üçün onun klubuna 15 milyon avro təklif edib.
Teleqraf “A Bola” nəşrinə istinadla xəbər verir ki, Lissabon təmsilçisi 31 yaşlı futbolçunun transferi ilə bağlı danışıqları yaxın zamanda yekunlaşdırmağı düşünür.
“Bavariya” əlavə olaraq 5 milyon avro bonus əldə edə bilər.
Palinya ilə artıq ilkin razılıq əldə olunub. Portuqaliyalı yarımmüdafiəçinin “Benfika” ilə 2030-cu ilə qədər müqavilə imzalayacağı və illik təxminən 3 milyon avro qazanacağı bildirilir.
Palinya ötən mövsüm icarə əsasında “Tottenhem”də çıxış edib. O, 45 oyunda 7 qol vurub və 2 məhsuldar ötürmə edib.