BAKI, 18 avqust. TELEQRAF
“Çempionatın ilk matçına çıxdıq. Bizim üçün 3 xal qazanmaq çox vacib idi. Bunu bacardıq. Oyuna gəldikdə, səhvlərimiz də oldu, bəzi məqamlarda yaxşı çıxış etdik. Məqsədimiz Konfrans Liqasının pley-off oyunu öncəsi özümüzə inamı qaytarmaq idi. Buna nail olduq”.
Teleqraf xəbər verir ki, bunu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç dünən Azərbaycan Premyer Liqasının ilk turunda “Şamaxı”ya qarşı keçirilən oyundan (3:1) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.
Monteneqrolu futbolçu UEFA Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçiriləcək oyun və mərhələni adlamaq şansları barədə danışıb:
“Faiz nisbəti ilə dəyərləndirmək ciddi olmaz. Təbii ki, komandamızın mərhələ adlayacağına inanıram. Daha əvvəl nəyə qadir olduğumuzu sübut etmişik. Böyük klublara qarşı oyun təcrübəmiz var. İnanmasaydıq, heç səfər oyununa getməzdik. Təbii ki, “Tvente”yə qalib gələcəyimizə inanırıq”.
Yankoviç “Qarabağ”dan ayrılacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:
“Mənim “Qarabağ”la hələ bir illik müqaviləm var. Bu klubun futbolçusuyam”.
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.