BAKI, 17 avqust. TELEQRAF
Azərbaycan Premyer Liqasının I turunda “Neftçi” ilə qarşılaşmada (1:3) ağır zədə alan “Sumqayıt”ın kapitanı Səbuhi Abdullazadə bu gün əməliyyat olunacaq.
Teleqraf-ın sorğusuna cavab olaraq klubdan bildirilib ki, futbolçunun bərpa müddəti tibbi müdaxilədən sonra müəyyənləşəcək:
“Səbuhi dünən birbaşa Sumqayıt Tibb Mərkəzinə, oradan isə Bakıya özəl klinikaya aparılıb. Klub həkimimiz onun vəziyyətini nəzarətdə saxlayır. Səbuhinin yaxın saatlarda əməliyyat olunacağı gözlənilir. Yarası təmizlənərək tikiləcək. Tikiş vurulandan sonra sağalma və bərpa müddəti bəlli olacaq. Əməliyyatdan sonra bu barədə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, kapitan dünən “Neftçi” ilə keçirilən matçda birbaşa qırmızı vərəqə ilə meydanı tərk edərkən özünə xəsarət yetirib. O, meydanı tərk edərkən əli ilə dəhlizin şüşəsini sındırıb. Böyük şüşə parçası onun ayağına düşərək zədələyib.