BAKI, 13 avqust. TELEQRAF

İtaliyanın “Latsio” klubu “Qalatasaray”dan ayrıldıqdan sonra azad agent statusu qazanan Mauro İkardi ilə maraqlanır.

Teleqraf xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, “Latsio”nun idman direktoru Angelo Fabiani 33 yaşlı hücumçunun nümayəndələri ilə əlaqə saxlayıb.

Argentinalı futbolçunun əsas prioritetinin UEFA Çempionlar Liqasında mübarizə aparan komandaya keçmək olduğu bildirilir. Bununla belə, İkardi A Seriyasına qayıtmaq variantını da nəzərdən keçirir.

Transferin qarşısındakı əsas maneə hücumçunun maliyyə tələbləridir. Buna baxmayaraq, tərəflər arasında ilkin təmasların baş tutması keçidin reallaşması ehtimalını artırıb.

Qeyd edək ki, Mauro İkardi “Qalatasaray”la müqaviləsi başa çatdıqdan sonra klubdan ayrılıb və hazırda azad agentdir.