BAKI, 13 avqust. TELEQRAF

“Sabah” futbol klubu ilk dəfə Çempionlar Liqasının təsnifat mərhələsində çıxış etməsinə baxmayaraq, yaxşı nəticə qazandı. Bu, “Sabah”la yanaşı Azərbaycan futbolu adına çox böyük uğurdur.

Bunu Teleqraf-a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “Sabah”ın UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinə yüksəlməsi barədə danışarkən deyib.

Federasiya rəsmisi son Azərbaycan çempionunun ÇL-in III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubunu iki oyunun nəticəsinə əsasən (1:2, 4:0) mübarizədən kənarlaşdıraraq pley-offa yüksəlməsini böyük uğur adlandırıb. Hacıyev Masazır təmsilçisinin debüt mövsümündəki çıxışını yüksək qiymətləndirərək, Liqa mərhələsinə yüksəlmək şanslarının yüksək olduğunu deyib:

“Bu tarixi uğur münasibətilə komandanın məşqçilərini, futbolçularını, klubdakı digər şəxsləri və ümumilikdə Azərbaycan futbol azarkeşlərini təbrik edirəm. Gələcək oyunlarda da onlardan qələbələr gözləyirik.

İndiyədək nümayiş etdirdikləri futbola əsasən, Liqa mərhələsinə qədər irəliləmək iqtidarında olduqları görünür. Hər bir halda onlara uğurlar arzulayırıq”.

Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsində İsrailin “Hapoel” klubu ilə qarşılaşacaq. İlk oyun avqustun 19-da səfərdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cavab görüşü isə avqustun 25-də Bakıda oynanılacaq və saat 20:45-də start götürəcək.