BAKI, 12 avqust. TELEQRAF

“Əlbəttə ki, məşqçi uzun müddət bir komanda ilə işləyirsə, artıq müəyyən sistem formalaşır. Oyunçular necə işləməli olduqlarını yaxşı anlayırlar və komandanın balanslaşdırılmış heyəti var”.

Teleqraf xəbər verir ki, bunu Kiyev “Dinamo”sunun baş məşqçisi İqor Kostyuk UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis Azərbaycan çempionunun avrokubok təcrübəsini də xüsusi vurğulayıb:

“Üstəlik, onların Çempionlar Liqasında oynamaq təcrübəsi var. Belə rəqibə qarşı oynamaq həm xoşdur, həm də maraqlı çağırışdır. Çünki onların necə oynadığını və onlara qarşı necə mübarizə aparmalı olduğumuzu aydın şəkildə başa düşürük. Bu da matça xüsusi şövq qatır”.

Kostyuk komandasındakı itkilərə də toxunub. O bildirib ki, Neşçeret, Pixalenok, Kendziora və Voloşindən başqa yeni itki yoxdur.

Baş məşqçi Bakıda onlara göstərilən münasibətdən razılığını ifadə edib:

“Şəhərinizdən, eləcə də insanların bizə münasibətindən çox təsirləndik. Ukraynanın və Ukrayna xalqının burada dəstəkləndiyini hiss etmək çox xoşdur. Bu dəstək hazırda bizim üçün çox vacibdir. Amma buna baxmayaraq, futbol meydanında rəqabət maraqlı olacaq. Növbəti mərhələyə keçmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, "Qarabağ" - "Dinamo" (Kiev) matçı sabah saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.