BAKI, 10 avqust. TELEQRAF

“Özümüzə çox inanır və güvənirik. İnanıram ki, mərhələni adlayan tərəf biz olacağıq”.

Teleqraf xəbər verir ki, bunu “Sabah”ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Orhus”la (Danimarka) cavab oyunundan öncə keçirilən mətbuat konfransında deyib.

Futbolçu ilk görüşdə komandasının yaxşı çıxış etdiyini bildirib:

“Biz həqiqətən də səfərdə çox yaxşı çıxış etdik və yaxşı oyun göstərdik. Rəqibin cərimə meydançasından kənardan iki qol imkanı oldu və onlardan istifadə edərək fərqləndi. Deyə bilərəm ki, oyun ərzində bundan başqa ciddi qol şansları olmadı”.

Lepinitsa cavab qarşılaşmasına daha yaxşı hazırlaşdıqlarını vurğulayıb:

“Biz səfər matçına çox yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, evdəki qarşılaşmaya isə bundan da yaxşı hazırlaşmışıq. Özümüzə çox inanır və güvənirik. İnanıram ki, sabah çox yaxşı oyun olacaq”.

“Sabah”ın futbolçusu görüşün əlavə vaxta gedə biləcəyini də istisna etməyib:

“Ola bilər ki, qarşılaşmanın taleyi 90 dəqiqədə həll olunsun, ola da bilər ki, oyun əlavə vaxta getsin. Amma ümid edirəm və inanıram ki, mərhələni adlayan, qalib gələn tərəf biz olacağıq”.