BAKI, 10 avqust. TELEQRAF
İspaniyanın "Real Madrid" klubu 2025/2026 mövsümünü rekord maliyyə göstəriciləri ilə başa vurub.
Teleqraf xəbər verir ki, Madrid təmsilçisinin futbolçu transferlərindən əldə olunan vəsaitləri istisna olmaqla gəlirləri 1 milyard 221 milyon avroya çatıb.
Bu göstərici əvvəlki mövsümlə müqayisədə 3,1 faiz çoxdur. Klub tarixində ilk dəfə gəlirlər 1,2 milyard avro həddini keçib.
"Real Madrid"in marketinq və sponsorluqdan qazancı 6 faiz artaraq 539 milyon avro təşkil edib. Yenilənmiş "Santyaqo Bernabeu" stadionunun fəaliyyəti isə kluba 363 milyon avro gəlir gətirib. Stadiondan əldə olunan gəlir bir il əvvəllə müqayisədə 11 faiz yüksəlib.
Madrid klubunun vergilərdən sonrakı xalis mənfəəti 26,3 milyon avro olub. Bu, əvvəlki mövsümdə qeydə alınan 24,3 milyon avro ilə müqayisədə 8 faiz artım deməkdir. Klubun EBITDA göstəricisi isə 287,4 milyon avroya çatıb.
"Real Madrid" eyni zamanda əsas sponsorları ilə uzunmüddətli əməkdaşlığı davam etdirir. "Emirates"lə müqavilə 2031-ci, "Adidas"la razılaşma isə 2034-cü ilə qədər uzadılıb. Bu anlaşmaların illik dəyəri müvafiq olaraq təxminən 100 və 120 milyon avroya çata bilər.