BAKI, 9 avqust. TELEQRAF
Atasının vəfatı səbəbindən “İnter Mayami”nin “Monterrey”lə oyununda iştirak edə bilməyən argentinalı ulduz Lionel Messiyə komanda yoldaşları dəstəyini göstərib.
Teleqraf xəbər verir ki, qarşılaşmadan əvvəl futbolçunun atası Xorxe Messinin xatirəsi yad olunub.
Stadionun ekranında Xorxe Messinin adı və 1958-2026 tarixləri nümayiş etdirilib, daha sonra onun xatirəsinə bir dəqiqəlik sükut elan olunub.
Messinin yoxluğunda kapitan sarğısını Rodriqo de Paul taxıb. Argentinalı yarımmüdafiəçi 31-ci dəqiqədə hesabı açdıqdan sonra formasını çıxarıb və altından geyindiyi Messinin 10 nömrəli formasını nümayiş etdirib. De Paul bu qolu yaxın dostuna həsr edib.
Onun bu jesti Messinin 2020-ci ildə Dieqo Maradonanın vəfatından sonra etdiyi tarixi hərəkəti xatırladıb. Həmin vaxt Messi “Barselona”nın “Osasuna” ilə oyununda Maradonanın vaxtilə çıxış etdiyi “Newell’s Old Boys”un 10 nömrəli formasını geyinib və qol vurduqdan sonra onu nümayiş etdirib.
Messinin digər yaxın dostu Luis Suares cəzalı olduğu üçün oyunda iştirak edə bilməsə də, sosial şəbəkə hesabında Messi və ailəsinə başsağlığı verib.
“Dostum, səni və bütün ailəni möhkəm qucaqlayıram. Atan yuxarıdan səni qürurla izləməyə davam edəcək. Bu çətin anlarda bütün sevgim Messi ailəsi ilədir. Rahat yat, Xorxe”, - Suares yazıb.
Qeyd edək ki, “İnter Mayami” “Monterrey”ə 1:2 hesabı ilə məğlub olub.