BAKI, 8 avqust. TELEQRAF

Argentina millisinin kapitanı və dünya çempionu Lionel Messinin atası Xorxe Messi 68 yaşında vəfat edib.

Teleqraf “Infobae” nəşrinə istinadən xəbər verir ki, Xorxe Messi uzun sürən xəstəlikdən sonra Rosario şəhərindəki klinikaların birində dünyasını dəyişib.

O, Lionel Messinin futbolçu kimi formalaşmasında mühüm rol oynayıb. Xorxe oğlunu “Nyuells Old Boys” akademiyasındakı ilk addımlarından İspaniyaya köçməsinə və “Barselona”da peşəkar karyerasına başlamasına qədər müşayiət edib.

Messiyə uşaqlıqda böyümə hormonu çatışmazlığı diaqnozu qoyulduqdan sonra onun müalicəsi üçün imkanlar axtaran da məhz atası olub. Xorxe oğlunun “Barselona”ya keçidinin təşkilində də mühüm rol oynayıb. Kataloniya klubu isə futbolçunun müalicə xərclərini öz üzərinə götürüb.

Xorxe Messi uzun illər ərzində oğlunun əsas məsləhətçisi və meydandan kənar nümayəndəsi olub.

Qeyd edək ki, Lionel Messi 2026-cı il dünya çempionatında Əlcəzairlə oyunda ilk qolunu vurduqdan sonra göz yaşlarına hakim ola bilməyib. 39 yaşlı futbolçu emosional reaksiyasının şəxsi səbəblərlə bağlı olduğunu açıqlayıb:

“Bu, futbolla heç bir əlaqəsi yoxdur. Bir neçə ağır gün keçirdim”.

KİV-in məlumatına görə, Messinin həmin görüşdə ağlamasına səbəb atasının səhhətindəki problemlər olub.