BAKI, 8 avqust. TELEQRAF
İspaniya nəhənglərindən “Barselona”nın müdafiəçisi Ronald Arauxo karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Teleqraf “Mundo Deportivo” nəşrinə istinadla xəbər verir ki, Kataloniya klubu 27 yaşlı uruqvaylı futbolçunun “Liverpul”a icarəyə verilməsi ilə bağlı razılığa gəlib. Arauxonun da keçidə razılıq verdiyi bildirilir.
Məlumata görə, razılaşmaya 55 milyon avro məbləğində məcburi olmayan satınalma hüququ daxil edilib. “Liverpul” mövsümün sonunda bu seçimdən istifadə edərək müdafiəçini birdəfəlik transfer edə bilər.
İngiltərə təmsilçisi icarə müddətində Arauxonun 12 milyon avroluq maaşını da öz üzərinə götürəcək. Bununla “Barselona” həm transfer büdcəsində yer açacaq, həm də futbolçunun gələcək satışından ciddi gəlir əldə etmək imkanı qazanacaq.
Qeyd edək ki, Arauxo son mövsümlərdə zədələr səbəbindən müntəzəm oynamaqda çətinlik çəkib.