BAKI, 7 avqust. TELEQRAF

“Düzü, məni “Şahdağ Qusar”dan qovmayıblar. Dedilər, qal, işlə. Sadəcə fikir ayrılığı olduğundan düşündüm ki, indi olmasa da, gələcəkdə problem ola bilər. Ona görə də aramız dəymədən oradan ayrılmağa qərar verdim”.

Bunu Teleqraf-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev Azərbaycan I Liqası təmsilçisi “Səbail”ə keçmək qərarından danışarkən deyib.

O, sabiq klubu “Şahdağ Qusar”dan ayrılmasının səbəbini açıqlayıb:

“Müəyyən səbəblərə görə “Şahdağ Qusar”dan ayrıldım. Mənim üçün doğma olan, futbola başladığım klubdan ayrılmaq həm də asan olmadı. İstəyirəm ki, “Şahdağ Qusar”ı Premyer Liqada görüm. Təəssüf ki, komandaya yeni sponsor gəldi və fikir ayrılığımız oldu. Üst-üstə düşmədiyinə görə qərar verdim ki, oradan ayrılım. Bundan sonra “Səbail”in yeni prezidenti Mirzə Bayrampur sağ olsun, məni “Səbail”ə dəvət etdi. Mən də dəvəti qəbul etdim”.

Klub prezidentinin müşaviri olan Əmirquliyev həm də futbolçu kimi komandaya fayda verə biləcəyini bildirib:

“Həm rəhbərlikdə, həm də futbolçu kimi çıxış etmək çətin olmayacaq. Çünki “Şahdağ Qusar”da da klub prezidenti və futbolçu idim. Rəhbərlik “Səbail”də elə şərait yaradıb ki, hər kəs öz işi ilə məşğuldur. Ona görə düşünmürəm ki, nəsə çətinlik olsun. Düzdür, deyə bilmərəm nə qədər oynayacağam. Amma komandanın inkişafı üçün əlimdən nə gəlirsə, klub prezidentinə dəstək olmağa hazıram”.

O, 2026/2027 mövsümündə klubun əsas hədəfinin çempionluq olduğunu deyib:

“Hədəflərimiz var. Premyer Liqaya yüksəlmək istəyirik. Rəhbərlik hər cəhətdən şərait yaradıb. Əlimizdən gələni edəcəyik ki, I Liqada çempion olub elitaya yüksələk”.

Qeyd edək ki, “Səbail” Rahid Əmirquliyevlə 1+1 illik müqavilə imzalayıb. Təcrübəli yarımmüdafiəçi 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub.