BAKI, 6 avqust. TELEQRAF
"Qarabağ"ın və Azərbaycan millisinin sabiq futbolçusu Rauf Əliyev "Dinamo Kiyev"lə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.
O, Teleqraf-a açıqlamasında Azərbaycan çempionunun səfərdən sərfəli nəticə ilə qayıda biləcəyini bildirib.
"Qarabağ"dan bugünkü oyunda gözləntimiz yalnız ən yaxşı nəticədir. İlk oyun olsa da, düşünürəm ki, komanda səfərdən yaxşı nəticə ilə qayıda bilər. "Dinamo Kiyev" böyük tarixə malik, köklü klubdur. Amma məncə, son illərdə əvvəlki gücündə deyil. Buna görə də hesab edirəm ki, "Qarabağ" bu mərhələni keçə bilər", - deyə o vurğulayıb.
Sabiq hücumçu rəqibin doğma meydanında çıxış edə bilməməsinin də Azərbaycan təmsilçisinin xeyrinə amil olduğunu söyləyib:
"Rəqib öz meydanında oynaya bilmir. Bu da komandamız üçün psixoloji üstünlük ola bilər".
Qeyd edək ki, "Qarabağ" bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda Kiyevin "Dinamo" klubu ilə qarşılaşacaq. "Lublin Arena"da keçiriləcək matç Bakı vaxtilə 21:00-da start götürəcək.