BAKI, 5 avqust. TELEQRAF
2026-cı il Dünya Kubokunun oyunlarını qəbul edən ABŞ şəhərləri FIFA-dan vəd olunan maliyyə vəsaitinin ödənilməsini tələb edirlər.
Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilib ki, mundialın qarşılaşmalarına ev sahibliyi edən 11 şəhərin hər birinə 1 milyon dollar ödənilməli idi. Sözügedən məbləğin turnirdən əvvəl FIFA prezidenti Canni İnfantino tərəfindən vəd edildiyi qeyd olunub.
Ümumilikdə 11 milyon dollar təşkil edən vəsaitin yeni futbol meydançalarının salınmasına və müxtəlif sosial layihələrin həyata keçirilməsinə sərf olunması nəzərdə tutulurdu.
Qeyd edək ki, 2026-cı il Dünya Kubokunun ABŞ-dakı oyunları Sietl, San-Fransisko, Los-Anceles, Dallas, Hyuston, Kanzas-Siti, Atlanta, Filadelfiya, Nyu-Cersi, Mayami və Bostonda keçirilib.