BAKI, 5 avqust. TELEQRAF

“Dörd oyunda dörd qələbə qazanmaq çox yaxşı nəticədir. İnanıram ki, məşqçilər komandanı qarşıdakı görüşə tam hazırlaşdıra biliblər. Ürəklərimiz “Sabah”la olacaq və iki oyunun nəticəsinə əsasən mərhələni keçəcəyinə inanırıq”.

Bu sözləri Teleqraf-a açıqlamasında “Sabah”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə keçirəcəyi oyunu dəyərləndirən Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis “Sabah”ın turnirdəki çıxışını yüksək qiymətləndirib:

“Komandanın Çempionlar Liqasında ilk mövsümüdür. Buna baxmayaraq, III təsnifat mərhələsinə qədər irəliləmək böyük uğurdur. Bu turnirdə uzun illərin təcrübəsinə malik komandalar çoxdur. İnşallah, “Sabah” bu mərhələni də keçsə, liqa mərhələsinə yüksəlmək şansını artıracaq”.

Ayxan Abbasov paytaxt təmsilçisinin avrokuboklarda məğlubiyyətsiz irəliləməsinə də diqqət çəkib:

“Komanda indiyədək keçirdiyi dörd oyunun hamısında qalib gəlib. Milli komandanın üzvləri də bu qələbələrdə iştirak ediblər. Həm Rəhman Daşdəmirov, həm Aleksey İsayev, həm də digər futbolçular şans qazanıblar. Bu, bizi sevindirir”.

Yığmanın baş məşqçisi “Orhus”un gənc, dinamik və güclü komanda olduğunu bildirib:

“Danimarka təmsilçisi gənc və dinamik komandadır. İlk oyunda “Lex”ə evdə məğlub olsalar da, səfərdə 4:1 hesabı ilə qalib gəldilər və penaltilər seriyasında mərhələni keçdilər. Bu nəticə rəqibin gücündən xəbər verir”.

Qeyd edək ki, bu gün Randers stadionunda keçiriləcək ilk görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.