BAKI, 1 avqust. TELEQRAF

UEFA FIFA prezidenti Canni İnfantinoya qarşı təzyiqləri artırıb.

Teleqraf xəbər verir ki, bu barədə İngiltərənin The Telegraph nəşri məlumat yayıb.

Məlumata görə, UEFA-ya üzv olan 55 milli assosiasiya İnfantino istefa verməyəcəyi təqdirdə onun vəzifədə qalmasının əleyhinə səs verməyə hazırdır. Rəsmi etimadsızlıq səsverməsinin keçirilməsi üçün isə UEFA-ya üzv cəmi 43 federasiyanın dəstəyi kifayət edir.

Bildirilir ki, UEFA artıq FIFA prezidentinin rəhbərliyinə etimadını itirdiyini açıqlayıb və qurumda köklü islahatların aparılmasını tələb edir. Buna səbəb isə İnfantinonun Dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılmasını nəzərdə tutan mübahisəli “FIFA Forward Enterprise” layihəsi olub. Güclü etirazlardan sonra FIFA rəhbəri bu layihədən geri çəkilmək məcburiyyətində qalıb.

Mənbənin iddiasına görə, layihə FIFA daxilində də narazılıq doğurub. Bəzi əməkdaşlar onu “futbolun ruhunu öldürmək cəhdi” adlandırıblar.

İngiltərə Futbol Assosiasiyası da UEFA-nın mövqeyini dəstəkləyib. Qurum bəyan edib ki, FIFA rəhbərliyi və idarəetmə mexanizmləri hərtərəfli araşdırılmalı, dünya futbolu isə şəffaf şəkildə, 211 milli assosiasiyanın maraqları nəzərə alınmaqla idarə olunmalıdır.