BAKI, 1 avqust. TELEQRAF

İspaniya təmsilçisi “Real Madrid”in futbolçusu Raul Asensio azyaşlıya aid intim videonun yayılması ilə bağlı cinayət işi üzrə həbs cəzası ala bilər.

Teleqraf The Athletic nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi iştirakçının razılığı olmadan çəkilmiş intim videonu üçüncü şəxslərə ötürmək və pornoqrafik material yaymaqda ittiham olunur.

Bildirilir ki, Asensio həmin görüntülərdə yer almayıb. O, videonu tanışlarından istəyərək əldə edib və daha sonra başqa bir şəxsə göstərib.

Prokurorluq futbolçu üçün 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edir.

Məhkəmə prosesi 2026-cı il sentyabrın 3, 4 və 7-də keçiriləcək. Asensio ilə yanaşı, “Real”ın akademiyasındakı sabiq komanda yoldaşları Ferran Ruiz, Xuan Rodriqes və Andres Qarsiya da hakim qarşısına çıxacaqlar.

Qeyd edək ki, Raul Asensio Madrid klubunun yetirməsidir. O, əsas komandada keçirdiyi 134 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb.